Enerji körpüsü

59

Qara dənizin dibi ilə Gürcüstan və Rumıniyanı birləşdirəcək strateji sualtı elektrik kabeli layihəsinin icrasında növbəti addım atılıb.

Denizxeber.az bildirir ki, Rumıniyanın milli elektrik operatoru “Transelectrica” layihənin dəniz hissəsinin hazırlanması ilə bağlı işçi görüş keçirib. Toplantıda Gürcüstan və Rumıniyanın enerji operatorları, beynəlxalq ekspertlər və dövlət qurumlarının nümayəndələri Qara dənizin dibində geoloji-geofiziki tədqiqatların təşkili, kabel marşrutunun dəqiqləşdirilməsi və ekoloji qiymətləndirmə məsələlərini müzakirə ediblər.

Dənizaltı kabelin ümumi uzunluğu 1155 kilometr (bunun 1115 km-i dənizin dibi ilə) təşkil edəcək. Bəzi hissələrdə 2500 metrdən artıq dərinlikdən keçəcək yüksəkgərginlikli sabit cərəyan kabelləri Avropanın ən mürəkkəb enerji infrastrukturu layihələrindən biri hesab olunur. Layihə çərçivəsində “Transelectrica” Konstansa bölgəsində 1300 meqavatlıq ötürmə gücünü milli şəbəkəyə inteqrasiya etmək üçün yeni yarımstansiyalar və xətlər inşa etməyi planlaşdırır.

Layihənin əsas məqsədi Cənubi Qafqazda, xüsusilə Azərbaycanın yaşıl enerji potensialı hesabına istehsal olunan elektrik enerjisini Gürcüstan və Rumıniya vasitəsilə Avropa bazarlarına nəql etməkdir.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında bu layihə üzrə strateji tərəfdaşlıq sazişi 2022-ci ildə imzalanıb. Bu təşəbbüs Avropa İttifaqının enerji təhlükəsizliyinə və mənbələrin şaxələndirilməsinə mühüm töhfə verəcək.