Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində beynəlxalq gəmiçiliyi qorumaq üçün çoxmillətli dəniz müdafiə koalisiyasının yaradılması təşəbbüsü ilə baş qərargah rəisləri və hərbi nümayəndələrin iclası keçirilib.
Denizxeber.az-ın Krallığın Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, görüşdə 43 ölkənin nümayəndələri və Avropa İttifaqının nümayəndə heyəti iştirak edib.
Tədbirdə Bab əl-Məndəb boğazında, Qırmızı dənizdə və Ədən körfəzində ticarət gəmilərinə, neft tankerlərinə və dəniz infrastrukturlarına yönələn təhdidlər diqqət mərkəzində olub. İştirakçılar yaradılacaq koalisiyanın nizamnamə layihəsini, təşkilati strukturunu, komandanlıq və nəzarət sistemini müzakirə ediblər. Müddəalara əsasən, Səudiyyə Ərəbistanı koalisiyanın lideri olacaq və onun qərargahına ev sahibliyi edəcək.
İclasın yekununda 14 ölkə — Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya, Yəmən, Banqladeş, Nigeriya, Sudan, Cibuti və Somali təşəbbüsü dəstəkləyən birgə bəyanatı imzalayıb. Digər bir sıra dövlətlərin də daxili prosedurlar başa çatdıqdan sonra sənədə qoşulacağı gözlənilir.





