Çin tərsanələri ilin ilk yarısında rekord göstəriciyə imza atıb

131

Çin gəmiqayırma sənayesi 2026-cı ilin ilk altı ayında tarixinin ən yüksək sifariş göstəricisinə imza ataraq dəniz gəmiqayırması üzrə qlobal bazarda lider mövqeyini daha da möhkəmləndirib.

Denizxeber.az bildirir ki, Çin tərsanələri cəmi altı ay ərzində əvvəlki illərin ümumi sifariş həcmlərini geridə qoyaraq yeni dənizçilik rekordunu müəyyənləşdiriblər.

Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin (MIIT) açıqladığı rəsmi göstəricilərə əsasən, yanvar–iyun aylarında ölkə tərsanələrinə ümumilikdə 121,06 milyon dedveyt ton (DWT) həcmində yeni gəmi sifarişi verilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 173,1% artım deməkdir və dəniz nəqliyyatı vasitələri üzrə qlobal sifarişlərin tonnaj baxımından 82,3%-ni təşkil edir. Beləliklə, Çin gəmiqayıranları təkcə yarım il ərzində 2025-ci ilin bütün ili üzrə qeydə alınmış 107,82 milyon DWT sifariş həcmini 12,3% üstələyiblər.

İkinci rübdə də gəmiqayırma sektorunda intensiv artım dinamikası davam edib. Aprel–iyun aylarında Çin tərsanələri 61,53 milyon DWT, ilin ilk rübündə isə 59,53 milyon DWT həcmində yeni sifariş qəbul ediblər.

İyun ayının sonuna Çin tərsanələrinin ümumi sifariş portfeli 363,25 milyon DWT-ə yüksəlib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 54,9% artım deməkdir. Hazırda dünya üzrə ümumi gəmi sifarişlərinin 71,2%-i Çin gəmiqayırma müəssisələrinin payına düşür. Təkcə ikinci rübdə sifariş portfeli təxminən 41 milyon DWT artıb.

Çin dəniz gəmiçiliyində xüsusilə üç əsas gəmi seqmentində mütləq üstünlüyünü qoruyub saxlayır. Quru yük gəmiləri (bulk carrier), konteyner gəmiləri və neft tankerləri üzrə qlobal sifarişlərin 80%-dən çoxu məhz Çin tərsanələrinə yönəlib.

Bununla yanaşı, ekoloji cəhətdən təmiz texnologiyalarla təchiz olunmuş “yaşıl gəmilər” kateqoriyasında da Çin qlobal dənizçilik sifarişlərinin 68%-dən çoxunu əldə etməyə davam edir və son üç il ərzində bu sahədə mövqeyini sabit saxlayır.