Tarixi zəfər yaddaşlarda

105

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda qanunsuz erməni silahlı dəstələrinə qarşı həyata keçirilən “Qisas” cavab əməliyyatından dörd il ötür.

Denizxeber.az bildirir ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələri 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini kobud şəkildə pozaraq 2022-ci il avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat törətmişdilər. Bu təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Anar Rüstəm oğlu Kazımov şəhid olmuşdu.

Eyni zamanda, qanunsuz silahlı dəstələr Kəlbəcər və Laçın rayonları istiqamətində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni strateji döyüş mövqeləri qurmağa cəhd göstərmişdilər.

Azərbaycan Ordusu bölmələrinin həyata keçirdiyi yüksək dəqiqlikli “Qisas” əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, eləcə də Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər mühüm hakim yüksəkliklər tam nəzarətə götürüldü. Ordumuz tərəfindən azad edilən strateji hədlərdə dərhal möhkəmlənmə, yeni mövqelərin qurulması və mühəndis-istehkam işləri icra olundu.

Əməliyyat çərçivəsində qanunsuz erməni silahlılarının çoxsaylı döyüş mövqeləri, eləcə də Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəsi dəqiq zərbələrlə darmadağın edildi, düşmənin canlı qüvvəsi, D-30 haubitsaları, hərbi texnikası və böyük həcmdə döyüş sursatı məhv edildi.