Nəqliyyat arteriyasında problem

137

Almaniyanın ən mühüm su arteriyası olan Reyn çayında suyun səviyyəsi tarixi minimuma enib. Bu kəskin düşüş Avropanın ən böyük daxili su nəqliyyatı şəbəkəsində yük daşımalarını ciddi təhlükə altına salıb.

Denizxeber.az bildirir ki, rekord dərəcədə aşağı su səviyyəsi Duysburq-Rurort, Düsseldorf və Köln liman zonalarında qeydə alınıb. Duysburq-Rurortda suyun səviyyəsi 149 sm-ə düşərək 2022-ci ilin avqustundakı antirekordu (151 sm) yeniləyib. Düsseldorfda isə göstərici 21 sm-ə qədər enərək bütün dövrlərin minimumunu vurub.

Reyn çayının kütləvi dayazlaşması səbəbindən yük gəmiləri və barjalar artıq tam dedveyt tutumu ilə hərəkət edə bilmirlər. Reyn Su Yolları və Gəmiçilik İdarəsinin nümayəndəsi Markus Noymanın sözlərinə görə, əksər gəmilər saya oturma riskinə görə normal yük həcminin yalnız təxminən 20%-ni götürə bilir. Bu isə xüsusilə iri neft və kimyəvi tankerlərin istismarını iqtisadi cəhətdən tamamilə rentabelsiz edir.

Böhranın əsas səbəbi kimi Mərkəzi Avropada davam edən uzunmüddətli quraqlıq və yağıntıların kəskin azalması göstərilir. Hidroloqların və meteoroloqların rəyinə görə, yaxın vaxtlarda akvatoriyada vəziyyətin düzəlməsi gözlənilmir.

Su səviyyəsinin düşməsi ticari gəmiçiliklə yanaşı sərnişin və kruiz naviqasiyasına da mənfi təsir göstərib. Kölndə suyun azlığı səbəbindən ənənəvi “Köln işıqları” dəniz və çay festivalında iştirak edən gəmilərin sayı azaldılıb, şəhər yaxınlığında isə artıq bir gəminin saya oturması faktı qeydə alınıb.