Qara dəniz akvatoriyasında Türkiyədən Rusiyaya meyvə-tərəvəz məhsulları nəql edən və Türkiyə bayrağı altında üzən “NADHEZNA” adlı “Ro-Ro” tipli yük gəmisi pilotsuz uçuş aparatlarının (dron) hücumuna məruz qalıb. Hücum nəticəsində gəminin göyərtəsində yanğın başlayıb və xəsarət alanlar var.
Denizxeber.az-ın İHA agentliyinə və Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinə istinadən verdiyi məlumata görə, Samsun limanından Rusiyanın Novorossiysk şəhərinə doğru hərəkət edən dəniz nəqliyyatı vasitəsi Novorossiysk sahillərindən təxminən 20-30 dəniz mili məsafədə vurulub.
Gəminin kapitanı Yalçın Şahinin sözlərinə görə, zərbə zamanı altı-yeddi adət drondan istifadə olunub. İlkin baxış nəticəsində gəminin yaşayış bloklarının və burun hissəsinin ciddi zədələndiyi, göyərtədə başlayan yanğının isə davam etdiyi bildirilir.
Gəmidə olan ümumilikdə 22 heyət üzvündən (13-ü Türkiyə vətəndaşıdır) dördü yaralanıb. Türkiyə Nəqliyyat Nazirliyinin məlumatında yaralılardan üçünün vəziyyətinin ağır ola biləcəyi qeyd edilir.
Ərazidə dron aktivliyinin və təkrar hücum riskinin davam etməsinə baxmayaraq, Rusiya Hərbi Dəniz Qüvvələrinin dəniz xilasetmə gücləri operativ müdaxilə edərək “Ro-Ro” gəmisindəki 22 dənizçinin tamamını təhlükəsiz şəkildə Novorossiysk dəniz limanına təxliyə ediblər.
Hazırda akvatoriyada təhlükəsizlik riski yüksək olduğundan yanan gəminin yedəyə alınması və dənizdə xilasetmə əməliyyatlarının tam miqyasda aparılması müvəqqəti olaraq çətinləşib. Hadisə ilə bağlı aidiyyəti dənizçilik və xarici işlər idarələri tərəfindən geniş arasdırma aparılır.





