Strateji su yolunda normallaşma

93

Qırmızı dəniz və Fars körfəzində geosiyasi gərginliyin davam etdiyi bir şəraitdə, strateji dəniz dəhlizlərindən kommersiya gəmilərinin hərəkəti bərpa olunmaqdadır. Son 24 saat ərzində ən azı 10 ticarət gəmisi Hörmüz boğazından təhlükəsiz keçid həyata keçirib.

Denizxeber.az bildirir ki, CNN telekanalı gəmilərin canlı izlənilməsi üzrə beynəlxalq “MarineTraffic” radarları və dəniz naviqasiya xidmətinin məlumatlarına istinadən xəbər verib.

Naviqasiya məlumatlarına əsasən, boğazdan keçən gəmilərin hərəkət istiqamətləri aşağıdakı kimi olub:

  • Fars körfəzinə daxil olanlar: 7 böyük yük və konteyner gəmisi;
  • Oman körfəzinə doğru hərəkət edənlər: 3 kommersiya gəmisi.

Bundan əlavə, son sutka ərzində digər strateji su keçidi olan Babül-Məndəb boğazından da azı 19 ticarət dəniz gəmisi keçid edib.

Xatırladaq ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai Tehran və Maskatın Hörmüz boğazı vasitəsilə naviqasiya təhlükəsizliyini təmin edəcək yeni dəniz marşrutunun coğrafi koordinatlarını razılaşdırdıqlarını bildirib. Razılaşdırılmış təhlükəsiz dəniz dəhlizləri bölgədə ticari gəmiçilik risklərini azaltmağa xidmət edir.