Logistika böhranı

100

Panama kanalında su səviyyəsinin azalması və El Niño hadisəsinin təsirlərinin güclənməsi səbəbindən Neopanamax tipli gəmilər üçün icazə verilən maksimal suyaoturma dərinliyi (draft) yenidən azaldılır. Avqustun sonu və sentyabrın əvvəlindən qüvvəyə minəcək yeni məhdudiyyətlər 2023–2024-cü illərdə qlobal təchizat zəncirinə ciddi təsir göstərən quraqlıq böhranının təkrarlana biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Denizxeber.az bildirir ki, Panama Kanalı Administrasiyasının (ACP) açıqlamasına görə, Gatun gölündə su səviyyəsinin aşağı düşməsi və hidroloji proqnozlar nəzərə alınaraq Neopanamax gəmiləri üçün maksimal suyaoturma dərinliyi iki mərhələdə azaldılacaq.

Belə ki, 26 avqustdan etibarən maksimal suyaoturma dərinliyi 48 futa (14,63 metr), 3 sentyabrdan isə 47,5 futa (14,48 metr) endiriləcək. Yeni qərar növbəti açıqlamaya qədər qüvvədə qalacaq.

Bununla, ACP 2026-cı ildə suyaoturma dərinliyi ilə bağlı dördüncü və beşinci məhdudiyyəti tətbiq etmiş olur. Bundan əvvəl 24 iyuldan 49 fut, 15 avqustdan isə 48,5 fut məhdudiyyəti qüvvəyə minmişdi.

Kanal administrasiyası bildirib ki, yeni məhdudiyyətlərə baxmayaraq, gündəlik gəmi keçidi kvotasında hələlik dəyişiklik nəzərdə tutulmur. Rəsmilər qeyd ediblər ki, 2025-ci ilin dekabrından tətbiq edilən suya qənaət tədbirləri kanalın quraqlığa davamlılığını artırıb. Bununla yanaşı, Gatun gölündə su səviyyəsi və meteoroloji proqnozlar daimi izlənilir və zərurət yaranacağı təqdirdə əlavə tədbirlər görüləcək.

Yeni qərarlar 2023-cü ildə Panama kanalında yaşanan quraqlıq böhranını yenidən gündəmə gətirib. Həmin dövrdə El Niño səbəbindən maksimal suyaoturma dərinliyi 50 futdan 44 futa endirilmiş, gündəlik keçid sayı isə təxminən 40 gəmidən 20-yə düşmüşdü.

Böhran zamanı kanalda növbə gözləyən gəmilərin sayı 160-ı keçmiş, bəzi gəmilər isə iki həftədən artıq gecikmə ilə üzləşmişdi. Prioritet keçid hüququ üçün keçirilən hərracda bir operatorun 4 milyon ABŞ dolları ödəməsi həmin dövrün ən diqqətçəkən hadisələrindən biri olmuşdu.

Artan gözləmə müddəti və xərclər səbəbindən bir çox gəmi sahibi marşrutlarını Süveyş kanalı və ya Cənubi Amerikanın cənubundan keçən alternativ dəniz yollarına yönəltmişdi ki, bu da qlobal təchizat zəncirində gecikmələrə və daşınma tariflərinin artmasına səbəb olmuşdu. 2024-cü ildə yağıntıların artmasından sonra vəziyyət tədricən normallaşmış, kanal administrasiyası suyaoturma dərinliyini yenidən 48 futa qaldıraraq keçid imkanlarını bərpa etmişdi.