Konteyner daşımaları bahalaşır

124

“Drewry Supply Chain Advisors” şirkətinin açıqladığı son hesabata görə, qlobal konteyner daşımaları bazarında tariflər yenidən artım tendensiyasına keçib. Şirkətin tərtib etdiyi Dünya Konteyner İndeksi (World Container Index – WCI) ötən həftə ilə müqayisədə 1% artaraq 40 futluq konteyner (FEU) üçün 4 297 ABŞ dollarına yüksəlib.

Denizxeber.az bildirir ki, məlumata əsasən, Şanxay–Rotterdam marşrutu üzrə tariflər dəyişməyərək 4 653 dollar səviyyəsində qalıb. Rotterdam–Şanxay xəttində isə tarif 1% azalaraq 583 dollara enib.

Eyni zamanda, Şanxay–Genuya marşrutunda yükdaşıma haqqı 2% azalaraq 5 506 dollara düşüb. Buna qarşılıq, Şanxay–Los-Anceles marşrutunda tarif 3% artaraq 5 894 dollara, Şanxay–Nyu-York xəttində isə 4% artaraq 7 893 dollara yüksəlib.

Digər istiqamətlərdə Los-Anceles–Şanxay marşrutu üzrə tarif 2% azalaraq 839 dollara, Rotterdam–Nyu-York xəttində isə 2% artaraq 2 773 dollara çatıb. Nyu-York–Rotterdam marşrutunda isə yükdaşıma haqqı 1% azalaraq 1 096 dollar təşkil edib.

Drewry-nin qiymətləndirməsinə görə, son həftə qeydə alınan göstəricilər qlobal konteyner daşımaları bazarında tariflərin yenidən yüksəliş meyli nümayiş etdirdiyini göstərir.