Müstəqil Azərbaycanın milli valyutası

76

Avqustun 15-i Azərbaycan Respublikasının milli valyutası olan manatın tədavülə buraxıldığı gündür.

Denizxeber.az bildirir ki, 1992-ci il avqustun 15-də dövriyyəyə buraxılan milli valyutanın ilk emissiyası Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Həmin vaxt ilk olaraq 1, 10 və 250 manatlıq əsginaslar, daha sonra isə digər nominallar tədavülə daxil olub.

Banknotes of the Republic of Azerbaijan

Milli valyutanın inkişaf mərhələləri və əsas tarixi faktlar:

  • Yeganə ödəniş vasitəsi (1993): 1992–1994-cü illərdə rublla paralel dövriyyədə olan manat Ümummilli Lider Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli Fərmanı ilə respublika ərazisində yeganə ödəniş vasitəsi elan edilib və ölkə rubl zonasından tam çıxıb.
  • Tarixi nominallar: Nağd pul tələbatını ödənilməsi üçün 1994-cü ildə Almaniyada çap olunan 10 min manatlıq (Şirvanşahlar kompleksi təsvirli), 1996-cı ildə İngiltərədə çap olunan 50 min manatlıq (Möminə Xatun türbəsi təsvirli) və 2001-ci ildə neft mövzusuna həsr olunmuş 1000 manatlıq əsginaslar buraxılıb.
  • Denominasiya və yeni manat (2006): 2006-cı il yanvarın 1-dən həyata keçirilən denominasiya çərçivəsində 1 yeni manat (AZN) = 5000 köhnə manata (AZM) bərabər tutulub. Yeni nəsil pul nişanlarının dizayn müəllifi avronun da müəllifi olan Avstriyanın “OeBS” şirkətinin dizayneri Robert Kalina olub.

Son illərin yenilikləri və müasir pul nişanları:

  • 200 manatlıq əsginas (2018): Əsas dizayn elementi kimi Heydər Əliyev Mərkəzi təsvir edilən 200 manatlıq banknot tədavülə buraxılıb.
  • “Qarabağ” mövzulu 20 manatlıq (2022): AMB-nin 30 illik yubileyində tədavülə buraxılan əsginas üzərində Zəfər rəmzləri (qılınc, dəbilqə, qalxan) və Xarıbülbül nişanəsi əks olunub.
  • Metal pulların yenilənməsi: 1, 10, 20 və 50 qəpiklik metal pulların dizaynına Dövlət Gerbi və istehsal ili əlavə edilib.
  • Qızıl investisiya pulları (2023): Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Böyük Britaniyanın “The Royal Mint” zarbxanasında hazırlanmış yüksək əyarlı qızıl investisiya və yubiley pul nişanları tədavülə buraxılıb.
  • Yenilənmiş 100 manatlıq əsginas: AMB tərəfindən ən son mühafizə sistemləri (üçölçülü mikrogüzgü effektli holoqram, “Spark Flow Prime” dinamik elementi, şaquli arxa dizayn və görmə qüsuru olanlar üçün qabarıq xətlər) ilə təchiz olunmuş, AMB sədri Taleh Kazımovun imzasını daşıyan 100 manatlıq pul nişanı tədavülə daxil edilib.