Unudulmaz dahi Müslüm Maqomayev

56

Avqustun 17-də dünya musiqi mədəniyyətinin parlaq ulduzu, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 84-cü ildönümü tamam olur.

Denizxeber.az bildirir ki, ecazkar səsi, böyük yaradıcılıq diapazonu və unikal ifaçılıq məharəti ilə milyonların qəlbini fəth edən sənətkar keçmiş sovet estradasının rəmzi və əfsanəsi hesab olunur.

İlk dəfə 14 yaşında Bakıda dənizçilər klubunda çıxış edən müğənni, 1962-ci ildə Maestro Niyazinin tövsiyəsi ilə Helsinkidə keçirilən VIII Ümumdünya Tələbə və Gənclər Festivalından medalla qayıdıb. Həmin vaxt populyar “Oqonyok” jurnalı onun haqqında “Bakılı gənc dünyanı fəth edir” başlıqlı məqalə dərc edib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olan M.Maqomayev İtaliyanın Milan şəhərindəki məşhur “La Skala” teatrında təcrübə keçib. O, klassik opera ariyalarını estradaya gətirən ilk sənətkarlardandır.

Zəngin yaradıcılığı və populyarlığı sayəsində cəmi 31 yaşında SSRİ Xalq artisti fəxri adına layiq görülüb. Repertuarında 600-dək əsər olan sənətkarın ifasında Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi “Sənsiz” və “Sevgili canan” romansları üç dahi sənətkarın ruhunun qovuşduğu ən yüksək fəlsəfi zirvə sayılır.

Nəbi Xəzrinin sözlərinə bəstələdiyi ölməz “Azərbaycan” mahnısı xalqımızın qeyri-rəsmi гимnı kimi səslənir. Sənətkar, həmçinin “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində çəkilib.Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri milli musiqimizin inkişafında mühüm rol oynayıb. Xidmətlərinə görə müstəqil Azərbaycanın ali mükafatları olan “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Ömür-gün yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskayanın vurğuladığı kimi, Müslüm Maqomayev bütün dövrlərin böyük musiqiçisidir və onun yaratdığı sənət abidəsi əbədi yaşayacaqdır.