“Azərbaycan Xəzəryanı dövlətdir və dəniz sərhədlərimizin etibarlı mühafizəsi milli təhlükəsizlik sistemimizin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2005-ci il tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılması bu sahədə yeni inkişaf mərhələsinin əsasını qoydu”.
Denizxeber.az ölkə.az-a istinadən xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Abbas Xəlilov deyib.
O bildirib ki, sonrakı illərdə Sahil Mühafizəsinin infrastrukturu əsaslı şəkildə inkişaf etdirilib, texniki-müşahidə imkanları genişləndirilib, müasir kater və sərhəd gəmilərinin istifadəyə verilməsi təmin edilib.
“Dövlət Sərhəd Xidmətinin Gəmi İnşası və Təmiri Mərkəzinin yaradılması isə Azərbaycan sərhəd mühafizəsinin dəniz imkanlarını keyfiyyətcə yeni mərhələyə yüksəltdi”, – general-leytenant vurğulayıb.
A.Xəlilovun sözlərinə görə, bu gün Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xəzər dənizinin Azərbaycan sektorunda dövlət sərhədinin mühafizəsi, sərhəd rejiminin təmin olunması, qanunsuz fəaliyyətlərin qarşısının alınması, strateji əhəmiyyətli enerji infrastrukturunun təhlükəsizliyinin təmin edilməsində üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirir.





