Xəzər dənizində təhlükəsizlik tədbirləri gücləndirilir

103

Qazaxıstanın Xəzər dənizi sektorunda fəaliyyət göstərən neft-qaz şirkətləri istehsal obyektlərinin təhlükəsizliyini təmin etmək məqsədilə dənizdə terrorla mübarizə üzrə əməliyyat qərargahının qüvvə və vasitələrinin yerləşdirilməsi üçün xüsusi ərazilər ayırmalı olacaqlar.

Denizxeber.az-ın “Kazinform” agentliyinə istinadla verdiyi məlumata görə, müvafiq yeni tələblər Qazaxıstanın Energetika Nazirliyi tərəfindən rəsmən təsdiqlənib.

Şirkətlərin ayırdığı ərazi ən azı 10 nəfərlik heyətin yerləşdirilməsi üçün nəzərdə tutulmalı və helikopter meydançası ilə təchiz edilməlidir.

Qərargahın qüvvə və vasitələri dənizdəki istehsal obyektlərindən maksimum 23 kilometr məsafədə yerləşməlidir. Həmçinin bu məqsədlər üçün mobil dəniz vasitələrindən istifadəyə də icazə verilir.

Qərargah qüvvələrinin yerləşdirilməsi və fəaliyyətinin təmin edilməsi ilə bağlı bütün birbaşa və sənədləşdirilmiş xərclər neft-qaz şirkətlərinin üzərinə düşəcək. Ödəniş qaydaları mülki qanunvericiliyə uyğun olaraq tərəflərin razılığı ilə müəyyənləşdiriləcək.

Qazaxıstan Energetika Nazirliyinin təsdiqlədiyi bu əmr 2026-cı il oktyabrın 17-dən etibarən hüquqi qüvvəyə minəcək.