Rumıniya qırıcısı dəniz dronunu vurdu

63

Qara dəniz akvatoriyasında kritik energetika infrastrukturuna qarşı ciddi təhlükənin qarşısı alınıb. Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcısı ölkənin müstəsna iqtisadi zonasında yerləşən strateji qaz yatağının yaxınlığında göyərtəsində partlayıcı maddə olan dəniz dronunu məhv edib.

Denizxeber.az bildirir ki, bu barədə Rumıniyanın müdafiə naziri vəzifəsini icra edən Radu Mirutse öz sosial şəbəkə hesabında rəsmi bəyanat yayıb. Dəniz dronu Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən Konstansa limanından 80 mil məsafədə, müstəsna iqtisadi zonada yerləşən “Neptun Deep” qaz yatağının perimetrində aşkar edilib.

Pilotsuz aparat birbaşa qaz hasilatı həyata keçirilən qurğulardan cəmi bir neçə yüz metr aralıda müəyyən olunub. Təhlükə fərq edilən kimi platformada çalışan işçilərin təhlükəsizliyini təmin etmək və strateji obyekti qorumaq məqsədilə dərhal iki “F-16” qırıcısı havaya qaldırılıb və dəniz dronu vurularaq zərərsizləşdirilib.