Qlobal ərzaq təhlükəsizliyi dəniz loqistikasındakı gərginliklər və anomal iqlim şəraitləri səbəbindən son illərin ən ağır böhranı ilə üz-üzə qalıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xəbərdarlıqlarından sonra beynəlxalq mütəxəssislər qida təminatı sisteminin çökmə riskini vurğulayırlar.
Denizxeber.az-ın “The New York Times” nəşrinə istinadən verdiyi məlumata görə, Kanadanın Quelf Universitetinin professoru Evan Freyzer mövcud vəziyyəti təhlil edərək sistemin dayandığı üç əsas sütunun (fasiləsiz ticarət, ucuz enerji və sabit iqlim) eyni anda sıradan çıxdığını bildirib.
Kənd təsərrüfatı məhsullarının, xüsusilə taxıl və buğdanın daşındığı strateji akvatoriyalar — Qara dəniz və Qırmızı dəniz münaqişə zonalarına çevrildiyi üçün dəniz yükdaşımalarında ciddi axsamalar yaşanır. Əsas buğda istehsalçılarından olan Avstraliya Hörmüz boğazının qapanması və gəmiçilik riskləri səbəbindən Yaxın Şərqdən gübrə idxal edə bilmir və kəskin çatışmazlıqla üzləşib. Aqrar sahədə lider olan Avropada həddindən artıq isti hava dalğaları məhsuldarlığı kəskin düşürüb. ABŞ-da isə fermerlər ardıcıl quraqlıq zərbələri ilə mübarizə aparırlar.





