Kanada yeni nəsil buzqıran gəmilər inşa edəcək

86

Kanada hökuməti Arktikada mövqeyini möhkəmləndirmək və yerli gəmiqayırma sənayesini dəstəkləmək məqsədilə 2038-ci ilədək ümumi dəyəri 11 milyard dollar olan 6 yeni buzqıran gəminin inşasını planlaşdırır.

Denizxeber.az bildirir ki, bu barədə ölkənin Baş naziri Mark Karninin rəsmi veb-saytında dərc olunan bəyanatda məlumat verilib. Gəmilər Kanada hökumətinin “Chantier Davie Canada Inc” gəmiqayırma şirkəti ilə strateji tərəfdaşlığı çərçivəsində inşa ediləcək. Layihə çərçivəsində buzqıran gəmilər tamamilə Kanadada istehsal olunan polad və digər yerli xammal materiallarından istifadə edilərək hazırlanacaq.

Arktika buzlarının əriməsi və şimal dəniz marşrutlarının açılması fonunda yeni gəmilər Kanadanın dəniz suverenliyini və Sahil Mühafizə imkanlarını gücləndirəcək.

Buzqıran gəmi proqramı Vaşinqton və Ottava arasında kəskinləşən ticarət gərginliyi fonunda elan olunub:

ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrin Kanadanın ikitərəfli ticarət sazişindən imtina etdiyini bildirdikdən sonra, avqustun 22-dən etibarən Kanada mallarının müəyyən kateqoriyalarına 50 faizlik ABŞ idxal tarifləri qüvvəyə minib. Baş nazir Mark Karni ABŞ ilə ticarət danışıqlarını rəsmən dayandırdığını bildirib və Ottavanın cavab tarifləri tətbiq edəcəyi gözlənilir. ABŞ Prezidenti Donald Tramp gələn il yanvarın 1-dən Kanada avtomobillərinə, ehtiyat hissələrinə və poladına 50 faizlik tarif tətbiq edəcəyini açıqlayıb.