Aralıq dənizində tüğyan edən şiddətli fırtına nəticəsində Kipr sahillərində dəniz qəzası baş verib. Güclü dalğalar və leysan yağışlar səbəbindən üç qayıq qayalara çırpılaraq batıb. Hadisə nəticəsində 1 nəfər həlak olub, 6 nəfər isə xilas edilib.
Denizxeber.az bildirir ki, ölən şəxsin cəsədi adanın cənub-şərq sahilində yerləşən Qreko burnu (Cape Greco) yaxınlığında sudan çıxarılıb, xilas edilənlərdən 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Adanı cənginə alan şiddətli külək və leysan bir sıra rayonlarda daşqınlara, torpaq sürüşmələrinə və dənizdə kəskin fırtınaya səbəb olub. Axtarış-xilasetmə tədbirlərinə hərbi helikopterlər və Sahil Mühafizə xidmətinin katerləri cəlb olunub.





