Qambiyadan Kanar adalarına qayıqla keçməyə cəhd edən, aralarında körpənin də olduğu 80-dən çox miqrant həyatını itirib.
Denizxeber.az bildirir ki, bu barədə “Report” EFE-yə istinadən məlumat yayıb.
Məlumata görə, qayıq avqustun əvvəlində Qambiyadan yola düşüb və 26 gün dənizdə qalıb. Gəminin göyərtəsində təxminən 128 nəfər olub.
Qayıq sentyabrın 2-də axşam saatlarında Qran-Kanariya adasından təxminən 120 kilometr məsafədə aşkarlanıb. Xilasedicilər əraziyə çatdıqda göyərtədə 44 sağ qalan miqrant və 5 nəfərin meyiti olub.
Çətin hava şəraiti və sağ qalanlara təcili tibbi yardım göstərilməsinin zəruriliyi səbəbindən xilasedicilər digər meyitləri qayıqda saxlamaq məcburiyyətində qalıblar.
Vəziyyəti ağır olan üç miqrant helikopterlə Las-Palmas-de-Qran-Kanariya şəhərindəki xəstəxanalara təxliyə edilib. Ümumilikdə altı nəfər susuzluq, oriyentasiya pozuntusu və dəniz suyu içilməsi ilə əlaqədar yaranan simptomlarla xəstəxanaya yerləşdirilib.
İlkin məlumata əsasən, sağ qalanlar Qambiya və Mali vətəndaşlarıdır.
Sağ qalanların Qırmızı Xaç nümayəndələrinə verdiyi məlumata görə, səfərin əvvəlində qayıqda 100-dən çox insan olub. Onların sözlərinə əsasən, miqrantların əksəriyyəti uzun və ağır dəniz səfəri zamanı həyatını itirib.
Hadisə Atlantik okeanında Afrikadan Kanar adalarına qeyri-qanuni miqrasiya marşrutunun üzləşdiyi ağır humanitar riskləri bir daha gündəmə gətirib.





