2 yük gəmisi hədəf alınaraq vurulub

55

Rusiya Silahlı Qüvvələri Qara dənizdə yük daşıyan iki gəmiyə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.

Denizxeber.az bildirir ki, bu barədə “Report” yerli mediaya istinadən məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, zərbələr silah və döyüş sursatı daşıdığı iddia edilən quru yük gəmisinə, eləcə də hərbi-texniki təyinatlı yüklərin daşındığı konteyner gəmisinə endirilib.

“Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun maraqları üçün cəlb edilmiş dəniz gəmilərinə və liman infrastrukturu obyektlərinə zərbələr endirməyə davam edir. Gün ərzində Qara dəniz akvatoriyasında PUA-larla silah və döyüş sursatı daşıyan quru yük tipli dəniz gəmisi və hərbi-texniki əmlak daşıyan konteyner tipli gəmi vurulub”, – deyə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Gəmilərin hansı ölkənin bayrağı altında üzdüyü, onların ekipajının vəziyyəti və zərbələr nəticəsində dəymiş zərərin miqyası barədə əlavə məlumat verilməyib.

Hadisə ilə bağlı qarşı tərəfin mövqeyi və müstəqil mənbələrdən təsdiqlənmiş məlumatlar hələlik açıqlanmayıb.