Girne sahillərində faciə dərinləşir

58

Girne sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 13-ə çatıb

Şimali Kipr Türk Respublikasının Girne sahillərində batan “Filo Jet” sərnişin gəmisində itkin düşən şəxslərin axtarışları davam etdirilir.

Denizxeber.az-ın “TRT Haber”ə istinadən bildirir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, axtarışlar zamanı daha bir şəxsin cəsədi aşkarlanıb. Bununla da qəza nəticəsində həyatını itirənlərin sayı 13-ə, itkin düşənlərin sayı isə 15-ə çatıb. Bildirilib ki, bundan əvvəl də daha bir şəxsin cəsədi tapılıb və ölənlərin sayı 12 nəfərə yüksəlib. Batmış gəminin qalıqlarının Girne sahillərində təxminən 554 metr dərinlikdə olduğu qeyd olunur.

Xatırladaq ki, Girne limanı ilə Türkiyənin Mersin şəhərindəki Taşucu limanı arasında sərnişin daşımaları həyata keçirən yüksək sürətli “Filo Jet” gəmisi avqustun 30-da günorta saatlarında Girnedən yola düşüb. Səfərdən qısa müddət sonra gəminin ön hissəsindən göyərtəyə su dolmağa başlayıb.

Gəmi Girne limanına qayıtmağa çalışarkən aşıb və daha sonra batıb. Hadisə zamanı gəminin göyərtəsində Valeh Hümmətov və Rəşad İbrahimov adlı iki Azərbaycan vətəndaşı da olub. Onların xilas edildiyi bildirilib. Həmçinin Azərbaycan vətəndaşlarının gəminin kapitanı və digər ekipaj üzvləri ilə birlikdə hadisə ilə bağlı istintaq çərçivəsində saxlanılaraq məhkəməyə çıxarıldığı qeyd olunub. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı istintaq davam etdirilir.