Balıqçılıq sektorunda yeni qərar

57

Azərbaycanda akvakultura təsərrüfatlarının istehsal gücünün artırılması və ölkənin balıq məhsulları üzrə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə yeni subsidiya mexanizmi tətbiq ediləcək.

Denizxeber.az bildirir ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, ölkədə istehsal olunan müxtəlif balıq növləri üzrə məhsul subsidiyası veriləcək.

Belə ki, qızılbalıqkimilər və nərəkimilər üzrə məhsul subsidiyasının məbləği 2000 manat/ton, çəkikimilər və naxakimilər üzrə isə 600 manat/ton müəyyənləşdirilib.

Subsidiya Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş akvakultura təsərrüfatlarına şamil olunacaq. Ödəniş təsərrüfatlarda istehsal edilən məhsulun tədarükçülərə rəsmi satış sənədləri əsasında təhvil verilməsi şərtilə həyata keçiriləcək.

Bundan əlavə, Naxçıvan Muxtar Respublikasında yerli süfrəlik yumurta istehsalının bərpasının dəstəklənməsi məqsədilə də məhsul subsidiyası tətbiq olunacaq.

Qeydiyyatdan keçmiş quşçuluq təsərrüfatlarında istehsal edilərək tədarükçülərə satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat subsidiya veriləcək.

Yeni dəstək mexanizminin akvakultura və quşçuluq sahələrində yerli istehsalın stimullaşdırılmasına və daxili bazarın yerli məhsullarla təminatının artırılmasına xidmət edəcəyi gözlənilir.