Ekoloji çağırış

113

Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi gəmiçilik fəaliyyətinə ciddi təsir göstərir. Hazırda ASCO-nun gəmi-bərələri Qazaxıstandan yükün yalnız 80 faizini götürə bilir.

Denizxeber.az bildirir ki, bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) davamlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizli Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Daxili su hövzələrində iqlim dəyişikliyi çağırışları: Xəzər dənizi nümunəsi” adlı müzakirələr zamanı bildirib.

Onun sözlərinə görə, yükün 20 faizinin itirilməsi birbaşa maliyyə təsirlərinə səbəb olur:

“Bu yalnız bizim gəmiçilik üçün deyil, müştərilərimiz üçün də problemdir”.

Ə.Əzizli qeyd edib ki, Xəzərdə fəaliyyət göstərən dəniz donanması üçün vəziyyət daha mürəkkəbdir. Onun sözlərinə görə, ehtiyat, təchizat və geoloji gəmilər platformaların ətrafında fəaliyyət göstərərək Xəzərdəki iri neft şirkətlərinə xidmət göstərir.

“Eyni vəziyyət Türkmənistanda və Qazaxıstanda, eləcə də Ələt limanında baş verir. Biz gəmiləri tam yükləyə bilmirik”, – deyə ASCO rəsmisi bildirib.

O əlavə edib ki, əvvəllər kəsilmiş köhnə qazma qurğularının sualtı dirəkləri də gəmiçilik üçün əlavə təhlükə yaradır. Belə maneələr gəmi gövdəsinin zədələnməsi riskini artırır.

“Bütün bunlar gündəlik olaraq təkcə ASCO üçün deyil, Xəzər hövzəsindəki hər bir bazar iştirakçısı üçün çətinlikdir. Əsas risk və əsas problemimiz budur. Biz gündəlik rejimdə gəmilərimizi daha təhlükəsiz idarə etməyə çalışırıq. Amma bu bizim üçün riskdir və qeyd etdiyim kimi, hər gün qarşılaşdığımız bir çox çətinliklər var ki, bunlar üç-dörd il əvvəl başlayıb”, – Ə.Əzizli vurğulayıb.

ASCO rəsmisinin sözlərinə görə, Xəzər dənizində suyun səviyyəsi hər il 15-20 santimetr azalır. Bu tendensiyanın davam etməsi gəmiçilik, liman infrastrukturu və Xəzər hövzəsində fəaliyyət göstərən digər sektorlar üçün əlavə çətinliklər yarada bilər.