İqlim dəyişmələri dünyanın bir çox bölgələrində su ehtiyatlarına getdikcə daha ciddi təsir göstərir. Temperaturun yüksəlməsi, yağıntı rejiminin və çay axınlarının dəyişməsi, buxarlanmanın artması su ehtiyatlarının vəziyyətinə, biomüxtəlifliyə və ekosistemlərə təsir etməklə yanaşı, əhalinin rifahı, ərzaq təhlükəsizliyi və iqtisadi inkişaf üçün də yeni çağırışlar yaradır. Xəzər dənizi regionumuz üçün bu çağırışların ən aydın nümunələrindən biridir.
Denizxeber.az bildirir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın (BCAW2026) ikinci günündə keçirilən “Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar: Xəzər dənizi nümunəsi” mövzusunda sessiyada çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, Xəzərin su səviyyəsinin son onilliklərdə davamlı şəkildə enməsi artıq yalnız gələcəyə dair proqnoz mövzusu deyil, bu gün müşahidə etdiyimiz reallıqdır. Sahil xəttinin geri çəkilməsi, sahilyanı zonaların dəyişməsi, ekosistemlərin və yaşayış areallarının daralması, Xəzər suitisi və nərə balıqları kimi qiymətli növlər üçün yaranan risklər bu prosesin ekoloji nəticəsidir.
Eyni zamanda, həmin dəyişikliklərin təsiri yalnız ətraf mühitlə məhdudlaşmır. Xəzərin dayazlaşması sahilyanı icmaların həyatına, şəhərlərə, infrastruktura, nəqliyyata, limanların fəaliyyətinə və bütövlükdə sahilyanı iqtisadi fəaliyyətə ciddi təsirlər göstərə bilər. Bu isə öz növbəsində gələcək investisiya və inkişaf planlarının iqlim riskləri nəzərə alınmaqla yenidən qiymətləndirilməsini zəruri edir.
“Bu prosesin mürəkkəbliyi ondan ibarətdir ki, onun səbəbləri və nəticələri milli sərhədlərlə məhdudlaşmır. İqlim dəyişmələri ilə yanaşı, antropogen amillər də mövcud riskləri gücləndirir. Buna görə də Xəzərin gələcəyinə dair effektiv yanaşma yalnız milli səviyyədə atılan addımlarla məhdudlaşa bilməz.
Xəzər ortaq su hövzəsidir və onun qorunması, ekoloji dayanıqlılığının təmin edilməsi və qarşıya çıxan çağırışlara uyğunlaşma bütün Xəzəryanı dövlətlərin birgə səylərini tələb edir.
Bu baxımdan elmi tədqiqatların nəticələrinin siyasət və qərarların hazırlanması prosesinə daha səmərəli inteqrasiyası, su səviyyəsində baş verən dəyişikliklərin və mümkün gələcək ssenarilərin daha aydın şəkildə qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, müxtəlif su səviyyəsi ssenariləri üzrə praktik uyğunlaşma tədbirlərinin müəyyənləşdirilməsi və onların yerli səviyyədə həyata keçirilməsi üçün imkanların genişləndirilməsi vacibdir.
Hesab edirəm ki, Xəzərin üzləşdiyi çağırışlar yalnız müəyyən bir region üçün deyil, iqlim dəyişmələrinə həssas olan digər daxili su hövzələri üçün də təcrübə formalaşdıra bilər. Bu baxımdan, burada aparılacaq müzakirələrin daha geniş regional və beynəlxalq əməkdaşlıq üçün də faydalı nəticələr ortaya qoyacağına inanıram”, – deyə R.Hacıyev qeyd edib.




