Sirli kəşf

61

Kuba və Haiti yaxınlığında yerləşən “Bermud üçbucağı” ərazisində dəniz dibinin xəritələndirilməsi zamanı batmış şəhərə və ya qədim sivilizasiyaya aid ola biləcək qeyri-adi formalar aşkarlanıb.

Denizxeber.az bildirir ki, Britaniyalı ufoloq Skott Uorinq “Daily Mail”ə açıqlamasında bildirib ki, sözügedən izlər dünya okeanının dibinin xəritələndirilməsini nəzərdə tutan “Seabed 2030” layihəsi çərçivəsində əldə olunan görüntülərdə qeydə alınıb.

Onun sözlərinə görə, Atlantik okeanının dibinin bir hissəsini əks etdirən görüntüdə bir-birini kəsən xətlər və müxtəlif həndəsi formalar diqqət çəkir. Uorinq bu görüntülərin qədim sivilizasiyaya məxsus tikililərin qalıqları ola biləcəyini ehtimal edir.

Məlumata görə, qeyri-adi formaların müşahidə edildiyi ərazi təxminən 11 kilometr uzunluğunda və 5 kilometr enindədir. Ufoloq həmin formaların təbii proseslər nəticəsində yaranması üçün həddindən artıq hamar və nizamlı göründüyünü iddia edir.

Bununla belə, dəniz dibində süni mənşəli obyektlərin və ya batmış şəhərin mövcudluğu ilə bağlı heç bir rəsmi elmi təsdiq yoxdur.

Mütəxəssislər bildirirlər ki, dəniz dibinin xəritələndirilməsi zamanı əldə edilən görüntülərdə belə həndəsi və xətti formalar məlumatların toplanması və emalı metodları ilə bağlı yarana bilər. Bu səbəbdən həmin görüntülərin qədim tikililərin qalıqları olduğunu söyləmək üçün əlavə araşdırmalara ehtiyac var.

Beləliklə, “Bermud üçbucağı”nda mümkün batmış şəhərlə bağlı iddia hazırda yalnız ehtimal və fərziyyə olaraq qalır.