Böyük Britaniya hökuməti İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan yeni qanunvericilik tədbirlərini təqdim edib.
Denizxeber.az TASS-a istinadən xəbər verir ki, Birləşmiş Krallığın xarici işlər nazirinin müavini Stiven Douti bildirib ki, yeni məhdudiyyətlər İranın ticarət və dəniz daşımaları sektorlarına da təsir göstərəcək.
“Bu maliyyə tədbirləri İran hökumətinin Böyük Britaniyanın maliyyə sisteminə çıxışını və nüvə proqramını dəstəkləmək üçün vəsait toplamaq imkanlarını daha da məhdudlaşdıracaq. Bu qanunvericilik ticarət qadağalarına məruz qalan malların, texnologiyaların və xidmətlərin siyahısını genişləndirir”, – deyə Douti bildirib.
Onun sözlərinə görə, yeni məhdudiyyətlər İranın nüvə potensialına töhfə verən sənaye sahələrində mühüm rol oynayan sektorlarla yanaşı, gəmiçilik, sığorta və bankçılıq kimi əlaqəli fəaliyyət sahələrini də əhatə edəcək.
Douti həmçinin İranın ənənəvi silah istehsalı və nüvə potensialının inkişafı baxımından mühüm əhəmiyyət daşıyan əlavə mal və texnologiyaların ixracına qadağa qoyulacağını açıqlayıb.
Bundan başqa, bir sıra istisnalar nəzərə alınmaqla, İran təyyarələrinin Böyük Britaniyada enişinə qadağa tətbiq olunması nəzərdə tutulur.
Britaniya hökuməti yeni tədbirlərin İranın nüvə və hərbi potensialının inkişafının maliyyələşdirilməsini məhdudlaşdırmaq məqsədi daşıdığını bildirir.





