2001-ci il sentyabrın 11-də ABŞ-də törədilən silsilə terror aktlarından 25 il ötür.
Denizxeber.az bildirir ki, həmin faciə nəticəsində, rəsmi məlumatlara görə, ümumilikdə 2977 nəfər həyatını itirib.
2001-ci il sentyabrın 11-də səhər saatlarında terrorçular tərəfindən qaçırıldığı bildirilən dörd sərnişin təyyarəsindən ikisi Nyu-Yorkda yerləşən Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa qüllələrinə çırpılıb. Üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin – Pentaqonun binasına çırpılıb.
Dördüncü təyyarə isə Pensilvaniya ştatının Şanksvil şəhəri yaxınlığında yerə düşüb. Məlumata görə, sərnişinlərin və ekipaj üzvlərinin terrorçulara müqavimət göstərməsi nəticəsində təyyarə hədəfinə çata bilməyib.
Terror aktları nəticəsində Nyu-York şəhərinə dəymiş iqtisadi zərərin təxminən 36 milyard dollar olduğu bildirilir. Ümumdünya Ticarət Mərkəzinin dağıntılarının ərazidən təmizlənməsi səkkiz aydan çox davam edib. Pentaqonun zədələnmiş qərb hissəsinin bərpası isə 2002-ci ilin sentyabrında başa çatdırılıb.
11 sentyabr terror aktlarının “Əl-Qaidə” terror təşkilatının lideri Usama bin Laden tərəfindən təşkil edildiyi ABŞ tərəfindən bildirilib.
Faciə zamanı həyatını itirənlər arasında xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları da olub. Belə ki, Nyu-York şəhərinin 343 yanğınsöndürəni, 23 polis əməkdaşı və 37 liman polisi əməkdaşı həlak olub.
11 sentyabr hadisələri ABŞ tarixinin ən ağır terror hücumlarından biri olmaqla yanaşı, sonrakı dövrdə ölkənin təhlükəsizlik siyasətində və beynəlxalq münasibətlərdə ciddi dəyişikliklərə səbəb olub.





