Xəzər çəkilir – Yeni ərazilər kimə məxsus olacaq?

250

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində sahilboyu ərazilərdə yeni quru sahələri üzə çıxır. Proses yalnız ekoloji və coğrafi dəyişikliklərlə deyil, həm də həmin ərazilərin hüquqi statusu ilə bağlı suallarla müşayiət olunur.

Dənizin geri çəkilməsi nəticəsində yaranan yeni torpaqların kimin mülkiyyətində olacağı, onların hansı qurum tərəfindən idarə ediləcəyi və gələcəkdə istifadəsi üçün xüsusi hüquqi mexanizmin yaradılıb-yaradılmayacağı gündəmdədir.

Denizxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı Milli Məclisin deputatı Rövşən Muradov Modern.az-a açıqlamasında bildirib ki, Xəzərin geri çəkilməsi yeni hüquqi yanaşma tələb edir.

Onun sözlərinə görə, üzə çıxan ərazilərin hüquqi statusu torpaq və su qanunvericiliyinin tələbləri əsasında müəyyənləşdirilməlidir.

Deputat qeyd edib ki, Xəzərin Azərbaycanın ərazisinə aid hissəsinin su fondu torpaqları, eləcə də sahilboyu 20–50 metrlik zolaq dövlət mülkiyyətinə daxildir. Buna görə də suyun geri çəkilməsi həmin ərazilərin avtomatik olaraq xüsusi və ya bələdiyyə mülkiyyətinə keçməsi demək deyil.

R.Muradov hesab edir ki, ilk növbədə yeni sahil xətti geodeziya ölçmələri ilə müəyyənləşdirilməli, üzə çıxan ərazilər kadastr uçotuna alınmalı və onların ekoloji vəziyyəti qiymətləndirilməlidir. Torpağın duzluluğu, çirklənmə səviyyəsi, qruntun dayanıqlığı, biomüxtəlifliyə təsiri və gələcəkdə yenidən su altında qalma ehtimalı da nəzərə alınmalıdır.

Deputatın fikrincə, yalnız bundan sonra həmin torpaqların su fondunda saxlanılması, mühafizə zonasına daxil edilməsi və ya digər məqsədlər üçün istifadəsi barədə qərar qəbul edilə bilər.

Hüquqşünas Əliməmməd Nuriyev isə bildirib ki, Xəzərin çəkilməsi nəticəsində üzə çıxan ərazilərə “sahibsiz torpaq” kimi yanaşmaq olmaz.

“Dəniz geri çəkilib və dünənədək su altında olan ərazi quruya çevrilibsə, bu, həmin torpağın avtomatik olaraq kiminsə mülkiyyətinə keçməsi demək deyil. Sahildə torpağı və ya obyekti olan şəxs də qarşısındakı yeni əraziyə sahiblik iddiası irəli sürə bilməz. Bunun üçün hüquqi əsas yoxdur”, – deyə hüquqşünas vurğulayıb.

Ə.Nuriyev qeyd edib ki, mövcud qanunvericilikdə dənizin təbii çəkilməsi nəticəsində üzə çıxan torpaq sahələri ayrıca hüquqi anlayış kimi tam tənzimlənməyib.

Onun sözlərinə görə, ilk mərhələdə həmin ərazilər inventarlaşdırılmalı, sərhədləri və koordinatları müəyyən edilməli, sahil xəttindəki dəyişiklik rəsmiləşdirilməli və məlumatlar Dövlət Torpaq Kadastrında əksini tapmalıdır.

Hüquqşünas hesab edir ki, Xəzərin səviyyəsinin enməsi uzunmüddətli xarakter alarsa, təbii şəkildə üzə çıxan torpaqlar üçün də ayrıca hüquqi mexanizmin yaradılması məsələsi gündəmə gətirilə bilər.

“Hazırda ayrıca dövlət qurumunun yaradılmasını əsas məsələ hesab etmirəm. Əsas məsələ bu torpaqların hüquqi rejiminin müəyyən edilməsidir: hansı ərazilər təsərrüfat dövriyyəsinə buraxıla bilər, hansı hissələr ekoloji və rekreasiya məqsədləri üçün qorunmalıdır, yeni sahilboyu zolaqlar haradan hesablanmalıdır və harada tikintiyə icazə verilməlidir”, – deyə Ə.Nuriyev bildirib.

Hüquqşünasın sözlərinə görə, prosesə nəzarətin zəifləməsi gələcəkdə torpaqların kortəbii zəbtinə, qanunsuz tikililərin yaranmasına və mülkiyyət mübahisələrinə səbəb ola bilər.

“Dəniz çəkilibsə, torpaq sahibsiz qalmayıb. Dövlət əvvəlcə onun hüquqi statusunu müəyyən etməli, sərhədlərini rəsmiləşdirməli və hansı məqsədlər üçün istifadə oluna biləcəyinə qərar verməlidir. Yalnız bundan sonra həmin ərazilərin icarəsi, tikintisi və ya başqa formada istifadəsi barədə danışmaq olar”, – deyə o əlavə edib.

Xəzərin səviyyəsinin uzunmüddətli dəyişməsi yeni sahil xəttinin formalaşması ilə yanaşı, torpaq, kadastr, ekologiya və şəhərsalma sahələrində hüquqi mexanizmlərin yenidən nəzərdən keçirilməsini də zəruri edə bilər.