“Pemex” obyektində neft sızması

76

Meksika körfəzində Meksikanın dövlət neft şirkəti “Pemex”ə məxsus obyektdə neft sızması qeydə alınıb.

Denizxeber.az bildirir ki, bu barədə yerli qurumlar məlumat yayıb.

Bildirilib ki, sızma boru kəmərində baş verib. Hadisədən sonra neft ləkəsinin yayılmasının proqnozlaşdırılması və ərazidə davamlı monitorinqin aparılması məqsədilə müxtəlif ixtisaslaşmış qrupların iştirakı ilə müvafiq protokol işə salınıb.

Meksika hökuməti fövqəladə hallara müdaxilə planını tətbiq edib. “Pemex”ə neftin toplanması və sızmanın lokallaşdırılması işlərində kömək göstərilməsi üçün bir neçə gəmi və 255 hərbçi cəlb olunub.

Hazırda sızmanın qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

İlkin proqnozlara əsasən, neft ləkəsinin sahilə və ya ekoloji baxımdan həssas ərazilərə çatma ehtimalı aşağı qiymətləndirilir. Bununla belə, yaxın günlərdə soyuq hava cəbhəsinin bölgəyə daxil olması nəticəsində neft ləkəsinin hərəkət istiqamətinin dəyişə biləcəyi ehtimal olunur.

Mütəxəssislər vəziyyətin yaxın 10 gün ərzində diqqətlə izlənilməsini vacib hesab edirlər.