Strateji irəliləyiş

125

İran və Oman arasında Hörmüz boğazında gəmiçilik marşrutları ilə bağlı əldə olunan razılaşma boğazın tam açılması demək deyil.

Denizxeber.az bildirir ki, “Tasnim” agentliyinə danışan məlumatlı mənbə bildirib ki, avqustun sonlarında aparılan intensiv texniki və diplomatik danışıqlar nəticəsində İran və Oman arasında yekun razılaşma əldə olunub.

Mənbənin sözlərinə görə, razılaşmanın yaxın vaxtlarda Fars körfəzi sahilində yerləşən ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə elan edilməsi planlaşdırılır.

İranın danışıqlar qrupuna yaxın olduğu bildirilən mənbə qeyd edib ki, razılaşma yalnız İran və Oman arasında əldə olunub. Digər ölkələr qarşıdakı görüşdə yeni marşrutların detalları və tranzit qaydaları barədə məlumatlandırılacaqlar.

Razılaşmanın İran və Oman arasında yerləşən Hörmüz boğazından giriş və çıxış üçün yeni marşrutların konkret parametrlərini müəyyən etdiyi bildirilir.

Mənbəyə əsasən, Fars körfəzinə giriş marşrutu tamamilə İranın ərazi sularından keçəcək. Çıxış marşrutunun bir hissəsi də İranın ərazi sularında yerləşəcək. Tranzit isə İran tərəfindən müəyyən edilən qaydalar əsasında tənzimlənəcək.

Bildirilib ki, razılaşma qüvvəyə mindikdən sonra ABŞ-nin açılmasını tələb etdiyi və son dövrdə gərginliyin əsas mənbələrindən biri kimi göstərilən cənub marşrutu bağlanacaq.

Mənbə xüsusi olaraq vurğulayıb ki, İran və Oman arasında əldə olunan bu razılaşma Hörmüz boğazının açılması anlamına gəlmir.

Onun sözlərinə görə, İran vasitəçilər kanalı ilə ABŞ-yə boğazın açılması üçün yeddi şərt təqdim edib. İranın ali hakimiyyət orqanları tərəfindən təsdiqləndiyi bildirilən həmin şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazı bağlı qalacaq.

Beləliklə, İranın mövqeyinə görə, Omanla əldə olunan razılaşma yalnız alternativ giriş-çıxış marşrutlarının müəyyənləşdirilməsini nəzərdə tutur və boğazın ümumi rejiminin dəyişdirilməsi kimi qiymətləndirilmir.