Haaqa məhkəməsində hüquqi proses

43

Türkiyə tərəfi Qara dənizdə Türkiyəyə məxsus “Reyhan Sarı” gəmisinə hücumla bağlı Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət edib. Hadisə nəticəsində gəmi heyətinin bir üzvü həlak olub.

Denizxeber.az-ın gəmiçilik xəbərləri üzrə ixtisaslaşan “HaberDenizde” portalına istinadən verdiyi məlumata görə, “Memişoğlu Kurun” hüquq firmasının təsisçi tərəfdaşı Nuri Koray Kurun BCM Prokurorluğuna Ukraynanın hücumuna dair sübutların təqdim edildiyini bildirib.

Vəkilin sözlərinə görə, prosesin ilkin mərhələsi təxminən altı ay, bütövlükdə isə iki ilə qədər davam edə bilər.

Gəmi sahibi ilə yanaşı, hücum zamanı “Reyhan Sarı” gəmisində olan 12 dənizçi və həlak olmuş heyət üzvü Savaş Çakarın ailəsi də iddiaçı qismində çıxış edib.

Kurun qeyd edib ki, BCM-də ticarət gəmilərinə bu cür hücumlarla bağlı birbaşa presedent sayıla biləcək qərar hələ mövcud deyil.

Vəkil həmçinin iddiaçıların apardığı araşdırma zamanı gəmidəki zədələrdə kasetli döyüş sursatının tətbiqinə dair əlamətlərin aşkarlandığını iddia edib.

Qeyd edək ki, Rusiyanın Taman limanından Trabzona kömür daşıyan “Reyhan Sarı” gəmisi iyulun 22-də Novorossiysk yaxınlığında hücuma məruz qalıb.