İran Hörmüz boğazı yaxınlığında ABŞ ilə müqavilə əsasında fəaliyyət göstərən və göyərtəsində amerikalı heyət üzvlərinin olduğu gəmiyə zərbə endirib.
Denizxeber.az-ın “Fox News”a istinadən verdiyi məlumata görə, hücum barədə iki mənbə məlumat yayıb.
Bildirilib ki, hücum zamanı İranın dörd pilotsuz uçuş aparatı və azı bir raketindən istifadə olunub. Raketlərdən biri gəmiyə dəyib.
Hadisə nəticəsində tüstüdən zəhərlənmə də daxil olmaqla, bir neçə nəfər yüngül xəsarət alıb. Yaralıların Körfəz ölkələrindən birində müalicə olunduğu qeyd edilib.
Gəminin adı, bayrağı və ABŞ ilə bağlanmış müqavilənin xarakteri açıqlanmayıb.
ABŞ Mərkəzi Komandanlığı və İran tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.





