Beynəlxalq okeanoloq və iqlimşünaslar qrupu 1970-ci ildən bəri Antarktida və Qrenlandiyanın buz örtüklərinin ümumilikdə təxminən 11,3 trilyon ton buz itirdiyini müəyyən edib. Bu itkilər nəticəsində dünya okeanının səviyyəsi təxminən 3,1 santimetr yüksəlib.
Denizxeber.az bildirir ki, Britaniyanın Nortumbriya Universitetinin mətbuat xidmətinin məlumatına görə, buz itkisi ilə bağlı araşdırmada peyk müşahidələri və 42 elmi tədqiqatın nəticələri birləşdirilib. Tədqiqatlar 1972-ci ildən etibarən Yer kürəsinin qütbyanı bölgələrini müşahidə edən 27 iqlim peykindən əldə olunmuş məlumatlara əsaslanıb.
Nortumbriya Universitetinin dosenti İnes Otosakanın sözlərinə görə, ümumi buz itkisinin təxminən 80 faizi buz örtüklərinin səthə yaxın təbəqələrinin əriməsi ilə deyil, buzlaqların Dünya okeanına doğru hərəkətinin sürətlənməsi ilə əlaqədardır.
Alimlər müxtəlif peyk məlumatlarını və iqlimşünasların hesablamalarını müqayisə edərək Antarktida və Qrenlandiyanın buz örtüklərində son yarım əsrdə baş verən dəyişiklikləri qiymətləndiriblər.
Araşdırmanın nəticələri qütb buzlaqlarında baş verən dəyişikliklərin dünya okeanının səviyyəsinə təsirini izləməyin və buz örtüklərinin dinamikasını daha dəqiq öyrənməyin əhəmiyyətini göstərir.





