Azərbaycanın həvəskar idmançıları Boris və Diana Nəcəfovlar Sardiniya və Korsika adaları arasında yerləşən Bonifaço boğazını keçərək açıq suda üzgüçülük tarixində iz qoyublar.
Denizxeber.az bildirir ki, Boris Nəcəfov boğazı hər iki istiqamətdə – irəli və geri üzərək keçib. O, hidrokostyumsuz təxminən 27–30 kilometr məsafəni 12 saata yaxın müddətdə qət edib.
Diana Nəcəfova isə hidrokostyumda 13 kilometrdən çox məsafə üzərək Bonifaço boğazını fəth edən ilk azərbaycanlı qadın olub.
Güclü axınlar, dalğalar və meduzaların olduğu çətin şəraitdə keçirilən üzgüçülük İspaniyanın “Neda-El-Mon” klubu tərəfindən təşkil olunub. Tədbirdə 8 ölkədən olan üzgüçülər iştirak ediblər.
Bonifaço boğazı açıq suda üzgüçülüklə məşğul olanlar üçün mürəkkəb şəraiti ilə tanınır. Qaydalarına əsasən, iştirakçılar üzgüçülük zamanı onları müşayiət edən qayığa toxuna bilməzlər. Su və qidanı isə təxminən hər 45 dəqiqədən bir verilən qısa fasilələr zamanı birbaşa suda qəbul edirlər.
Nəcəfovların Bonifaço boğazını keçməsi uzunmüddətli hazırlığın və illərlə davam edən açıq suda üzgüçülük təcrübəsinin nəticəsi olub.







