Sentyabrın 19-u görkəmli şərqşünas, ədəbiyyatşünas, pedaqoq və tərcüməçi Aida İmanquliyevanın anım günüdür. O, qısa, lakin mənalı ömrü boyunca Azərbaycan elminə mühüm töhfələr verib, parlaq şəxsiyyəti və zəngin irsi ilə yaddaşlarda əbədi iz qoyub.
Denizxeber.az bildirir ki, Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru və professor olan Aida İmanquliyevanın həyat və elmi fəaliyyətinin əsas məqamları onun zəngin irsini bir daha xatırladır.
Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi qızıl medalla bitirib. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası bölməsində təhsil alıb. Daha sonra həmin ali məktəbin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasında və keçmiş SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunun aspiranturasında təhsilini davam etdirib.
1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb. İstedadı və zəhmətkeşliyi sayəsində kiçik elmi işçidən şöbə müdirinə, elmi işlər üzrə direktor müavininə, daha sonra isə institutun direktoruna qədər yüksəlib.
1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyasını müdafiə edib və qısa müddət sonra professor elmi adını alıb.
Aida İmanquliyeva üç fundamental monoqrafiyanın — “Mixail Nüaymə və ‘Qələmlər birliyi’”, “Cübran Xəlil Cübran” və “Yeni ərəb ədəbiyyatı korifeyləri” əsərlərinin, eləcə də 70-dən çox elmi məqalənin müəllifi olub. O, Şərq filologiyası sahəsində yazılmış bir sıra elmi əsərlərin redaktoru kimi də fəaliyyət göstərib. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda “Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları” ixtisası üzrə müdafiə şurasına sədrlik edib, Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ-də və onun hüdudlarından kənarda təmsil edib.
Alimin elmi fəaliyyətini yüksək qiymətləndirən şərqşünaslar arasında Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Kudelin, Sankt-Peterburq Universitetinin professoru Anna Dolinina, keçmiş SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun professorları İsaak Filştinski, Valeriya Kirpiçenko və İrina Bilık da olub.
Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasına xüsusi diqqət yetirib. Rəhbərlik etdiyi Ərəb filologiyası şöbəsində qısa müddət ərzində 10-dan çox namizədlik dissertasiyası müdafiə olunub.
O, Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin və Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olub. Uzun illər pedaqoji fəaliyyət göstərərək Azərbaycan Dövlət Universitetində ərəb filologiyasından mühazirələr oxuyub.
Professor Aida İmanquliyeva Şərq-Qərb ədəbi əlaqələrini və qarşılıqlı təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim kimi tanınır. Onun əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun formalaşması tədqiq olunub. Bu araşdırmalar müasir ərəb və ümumilikdə Şərq ədəbiyyatlarının öyrənilməsi üçün mühüm elmi zəmin yaradıb.
Alimin fəaliyyəti yalnız elmi tədqiqatlarla məhdudlaşmayıb. O, Mixail Nuaymə, Mahmud əz-Zahir, Məhəmməd Dib, Sahib Camal, Süheyl İdris və Macid Zeyyib Ğənəmanın hekayələrini Azərbaycan dilinə tərcümə edib, əsərlərin poetik ruhunu, məna və məzmununu qorumağa çalışıb.
Aida İmanquliyeva həm də unudulmaz müəllim kimi tələbələrinin yaddaşında yaşayır. Onu tanıyanlar alimin mehribanlığını, səxavətini və insanlara təmənnasız yardım etməsini xüsusi ehtiramla xatırlayırlar. O, tələbələrinə diplom işlərinin hazırlanması, çapı və digər məsələlərdə kömək edir, hətta çətin tapılan dərmanları əldə edərək ehtiyacı olan insanlara yardım göstərirdi.
Geniş elmi fəaliyyəti ilə yanaşı, Aida İmanquliyeva nümunəvi ailə həyatı da yaşayıb. Onun böyük qızı Nərgiz Paşayeva M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Digər qızı Mehriban Əliyeva isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidentidir.
Aida İmanquliyevanın xatirəsi onu tanıyanların qəlbində yaşayır. Onun əsərləri bu gün də oxunur, araşdırılır və yeni nəsil alimlər üçün elmi istinad mənbəyi olaraq qalır. Zəngin elmi irsi və insanlara göstərdiyi qayğı ilə Aida İmanquliyeva Azərbaycan elmi və mədəniyyət tarixində özünəməxsus yer tutur.





