Milli bayram və suverenlik

89

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur.

Denizxeber.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da sərəncam imzalayıb.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri tarixi Zəfər qazanıb. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olub.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək ərazilərimizdən çıxarılması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Cəmi 23 saat 43 dəqiqə davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşıya qoyulmuş vəzifələri yerinə yetirib. Bununla da Azərbaycan Respublikasının suverenliyi ölkənin bütün ərazilərində tam bərpa olunub.

Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə dalğalanır.

Qeyd edək ki, 20 Sentyabr – Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günüdür.