Xəzər dənizi və hərbi faciə

95

Xəzər dənizinin Qazaxıstan sahillərində hərbi təlimlər zamanı 19 qazaxıstanlı hərbçi su axınına düşərək dənizə sürüklənib. Onlardan 9 nəfərin öldüyü bildirilib.

Denizxeber.az “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, məlumatı Qazaxıstan Müdafiə Nazirliyi təsdiqləyib.

Nazirliyin məlumatına görə, hadisə sentyabrın 24-də Manqistau vilayətində Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı baş verib. Təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı meteoroloji şərait kəskin pisləşib və küləyin sürəti artıb. Nəticədə 19 hərbçi dənizə sürüklənib.

Hazırda 9 hərbçinin meyiti aşkar edilib, 3 hərbçi xilas olunub. Onlardan biri xəstəxanaya yerləşdirilib. Digər hərbçilərin axtarışları davam etdirilir.

Hadisə yerinə Hərbi Dəniz Qüvvələrinin, Fövqəladə Hallar Nazirliyinin, aviasiyanın və digər aidiyyəti xidmətlərin qüvvə və vasitələri cəlb olunub.

Hadisənin bütün hallarının araşdırılması və axtarış-xilasetmə əməliyyatlarının koordinasiyası üçün Qazaxıstanın müdafiə naziri, aviasiya general-leytenantı Dauren Kosanovun rəhbərliyi ilə Müdafiə Nazirliyinin komissiyası hadisə yerinə göndərilib.

Nazirlik axtarış əməliyyatının gedişi və hərbçilərin vəziyyəti barədə əlavə məlumatın təsdiqləndikdən sonra açıqlanacağını bildirib.