Fransanın dənizaşırı siyasəti

70

Fransanın dənizaşırı ərazilərlə bağlı siyasətinin sosial-iqtisadi nəticələri və Parisin bu ərazilərə yanaşması “Le Monde” qəzetində dərc olunan məqalədə təhlil edilib.

Denizxeber.az bildirir ki, tarixçi və Martinikin paytaxtı Fort-de-Fransda müəllim işləyən Elizabet Landinin sentyabrın 16-da “Dənizaşırı ərazilər: Fransa dövləti həm universal günahkar, həm də əvəzolunmaz təminatçıya çevrilmək riski daşıyır” sərlövhəli tribunası “Le Monde”da dərc olunub.

Müəllif Fransanın dənizaşırı ərazilərlə bağlı siyasətinin əsas ziddiyyətlərindən biri kimi rəsmi Parisin bu ərazilərin yaratdığı strateji üstünlükləri – geniş dəniz məkanı, hərbi mövcudluq və qlobal təsir imkanlarını qorumağa çalışmasını, eyni zamanda onların sosial-iqtisadi təminatına çəkilən xərcləri məhdudlaşdırmaq istəməsini göstərir.

Yazıda Mayotdakı vəziyyət bu siyasətin nümunələrindən biri kimi təqdim olunur. Bildirilir ki, Fransa dövləti su təchizatı, məktəblər, mənzil, səhiyyə, təhlükəsizlik və infrastruktur kimi fundamental ehtiyacların təmin edilməsində ciddi problemlərlə üzləşir. Müəllif miqrasiya təzyiqinin real problem olduğunu qəbul etməklə yanaşı, bunun uzunmüddətli investisiya çatışmazlığını, ardıcıl olmayan dövlət siyasətini və demoqrafik proseslərin düzgün idarə edilməməsini kölgədə qoymamalı olduğunu vurğulayır.

Məqalədə təhlükəsizlik gündəliyinin inkişaf siyasətini əvəzləməsi riskinə də diqqət çəkilir.

Yazıya görə, Fransa dənizaşırı ərazilərdən imtina etmək niyyətində deyil. Əksinə, rəsmi Parisin əsas yanaşması suverenliyi və strateji maraqları qorumaqla yanaşı, daha çox məsuliyyəti yerli hakimiyyət orqanlarının üzərinə ötürməkdir.

Müəllif xəbərdarlıq edir ki, kifayət qədər maliyyə, istehsal potensialı və dövlət həmrəyliyi ilə müşayiət olunmayan “muxtariyyət” faktiki olaraq “acizliyin desentralizasiyasına” çevrilə bilər. Bu fonda Fransa ilə dənizaşırı ərazilər arasındakı sosial-iqtisadi fərqlərin aradan qaldırılması məqsədinin tədricən həmin fərqlərin daimi reallıq kimi qəbul edilməsi ilə əvəzlənə biləcəyi bildirilir.

Məqalədə xüsusilə Martinikin vəziyyəti təhlil edilir. Əhalinin qocalması və azalması, gənclərin köçü, zəif istehsal bazası, idxaldan asılılıq və dövlət maliyyəsinin mümkün azalması əsas struktur problemlər sırasında göstərilir.

Müəllifin fikrincə, iqtisadi model dəyişmədən muxtariyyət bu problemləri həll etməyəcək. Resurslar ötürülmədən məsuliyyətlərin yerli hakimiyyətlərə verilməsi vəziyyəti daha da ağırlaşdıra bilər. Bu kontekstdə Martinikin “həqiqi suverenlik üçün həddindən artıq Fransa ilə bağlı, lakin Respublikanın bərabərlik vədinə inanmaq üçün kifayət qədər bərabər rəftar görməyən” vəziyyətdə olduğu vurğulanır.

Məqalədə Martinikin Regional Hesablar Palatasının son hesabatına da istinad edilir. Hesabatda Martinik Ərazi Kollektivliyinin (CTM) maliyyə vəziyyəti “kritik” və “struktur maliyyə disbalansı” ilə xarakterizə olunur.

CTM-in borcunun 2021-ci ildən etibarən 28 faiz artaraq 977 milyon avroya çatdığı, ödəniş müddətinin isə qanunla nəzərdə tutulan 30 gün əvəzinə 131 günədək uzandığı bildirilir. 2022–2025-ci illərdə kollektivliyin cari gəlirləri cəmi 1 faiz artdığı halda, xərcləri təxminən 12 faiz yüksəlib.

Hesabata əsasən, Fransa dövlətinin Martinikə ayırdığı dotasiya və maliyyə transferləri 2021–2024-cü illərdə 7,4 faiz azalaraq 296 milyon avrodan 274 milyon avroya düşüb.

CTM-in İcra Şurasının prezidenti, muxtariyyət tərəfdarı Serj Leçimi bu azalmanın yerli hakimiyyətin maliyyə muxtariyyətini zəiflətdiyini və artan büdcə yükünün məhdud imkanlarla qarşılanmasına səbəb olduğunu bildirib. Bununla yanaşı, Regional Hesablar Palatası kollektivliyin öz qərarlarının, o cümlədən borclanma səviyyəsinin də mövcud maliyyə vəziyyətinə təsir etdiyini qeyd edib.

Martinikin müstəqillik tərəfdarı, Martinikin Azadlığı Uğrunda Partiyanın rəhbəri və Beynəlxalq Dekolonizasiya Cəbhəsinin təsisçilərindən biri Fransis Karol isə CTM-in maliyyə vəziyyətini “struktur baxımdan fəlakətli” adlandırıb.

O, bu vəziyyətin kollektivliyin investisiya qoymaq və dövlət siyasətini maliyyələşdirmək imkanlarını uzunmüddətli şəkildə zəiflətdiyini vurğulayıb.