Xəzər dənizində suyun səviyyəsinin azalmasının Bakı bulvarının vizual görüntüsünə təsirləri müşahidə edilir. Bulvarın ayrı-ayrı hissələrində quru torpaq sahələri meydana çıxır.
Denizxeber.az xəbər verir ki, bunu “Report” İnformasiya Agentliyi və “ARB” telekanalına geniş müsahibəsində Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov son bir neçə il ərzində Xəzər dənizində suyun səviyyəsinin azalması müxtəlif müstəvilərdə müzakirə olunduğunu dilə gətirib.

Onun sözlərinə görə, suyun səviyyəsinin aşağı düşməsi Bakı bulvarında da müşahidə edilən prosesə çevrilib və bu, ekoloji təsirlərlə yanaşı, ərazinin infrastrukturu və gələcək inkişaf planları ilə bağlı yeni çağırışlar yaradır.
“Ardıcıllıqla məsələyə yanaşdıqda, suyun səviyyəsinin enməsi bulvarda ilk növbədə gəmiçilik, gəzinti gəmilərinin fəaliyyəti və yanalma infrastrukturu ilə bağlı öz təsirlərini göstərdi”, – deyə Xanlar Ağalarov bildirib.
Sədr qeyd edib ki, Xəzərdə suyun geri çəkilməsi ərazinin vizual görüntüsünə də təsir göstərir. Onun sözlərinə görə, əvvəllər Bakı buxtasının bulvar ərazisinə düşən hissəsində suyun müəyyən dərinliyinin olması səbəbindən şaquli istiqamətdə azalma müşahidə edilirdisə, son illərdə ayrı-ayrı ərazilərdə suyun üfüqi istiqamətdə geri çəkilməsi nəticəsində quru sahələr meydana çıxıb.
Xanlar Ağalarov bildirib ki, bu vəziyyət sahil idarəetməsi, landşaftın uyğunlaşdırılması və qurumuş ərazilərin Bakı bulvarının ümumi landşaft dizaynına inteqrasiyası ilə bağlı məsələləri gündəmə gətirir.
O, suyun səviyyəsinin azalmasının birbaşa və ya dolayı yollarla Bakı buxtasının ekoloji vəziyyətinə də təsir etdiyini qeyd edib.
“Bakı buxtasının xüsusi formasını nəzərə alaraq bura suyun daxilolma cərəyanının dinamikası, suyun hərəkəti, mikroorqanizmlərin balansı, yosun kütlələrinin artımı ilə bağlı müxtəlif müşahidələr görünür. Bildiyiniz kimi, suyun səviyyəsinin mövcud dayazlaşma həddi ərazidə təmizlənmə işlərinə də təsir göstərir”, – deyə o vurğulayıb.
Dənizkənarı Bulvar İdarəsinin gələcək planlarından danışan Xanlar Ağalarov bildirib ki, qurum yalnız mövcud sahil xəttinin idarə edilməsini deyil, həmçinin həyata keçirilən və planlaşdırılan layihələr üzrə su səviyyəsinin dəyişmə dinamikasını nəzərə alan yanaşmanı əsas götürür.
Onun sözlərinə görə, bu məqsədlə müxtəlif ssenarilər əsasında su səviyyəsindəki dəyişikliklərin mümkün təsirlərini əvvəlcədən azaltmağa imkan verən adaptiv memarlıq həllərinin və infrastrukturun qurulması və tətbiqi nəzərdə tutulur.





