İctimai məkanın genişlənməsi

83

Xəzər sahili boyunca bulvarın genişləndirilməsi ilə Bakı şəhərinin dənizə çıxışının böyük ictimai məkan vasitəsilə təmin edilməsi nəzərdə tutulur.

Denizxeber.az bildirir ki, bunu Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Xanlar Ağalarov “Report” İnformasiya Agentliyinə və “ARB” telekanalına müsahibəsində dilə gətirib.

Onun sözlərinə görə, Bakı bulvarının genişləndirilməsi şəhərin müxtəlif ərazilərini birləşdirən böyük ictimai dəhlizin və yaşıllıq zolağının formalaşdırılmasına imkan verəcək. Bu, həmçinin Bakının Xəzər dənizi ilə əlaqəsinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Xanlar Ağalarov qeyd edib ki, Bakı bulvarının Xəzər sahili boyunca perspektivdə genişləndirilməsi şəhərin dənizə çıxışını bilavasitə böyük ictimai məkan vasitəsilə təmin edəcək.

Sədr əlavə edib ki, layihənin ekoloji və iqlim dayanıqlılığı baxımından da mühüm əhəmiyyəti var. Onun sözlərinə görə, müasir şəhərsalmada mavi və yaşıl infrastrukturun, yəni su hövzələri ilə yaşıllıq ərazilərinin qarşılıqlı əlaqədə inkişaf etdirilməsi şəhərlərin ekoloji dayanıqlılığına müsbət təsir göstərir.

Bulvar ərazisinin genişləndirilməsinin mikroiqlimin yaxşılaşdırılması, havanın keyfiyyətinin yüksəldilməsi, biomüxtəlifliyin qorunması, eləcə də insanların yaşıllıq və təbiət ərazilərinə çıxışının asanlaşdırılması baxımından faydalı olacağı bildirilir.