Çanaqqala boğazında kimyəvi tankerində mühərrik nasazlığı baş verib

50

İspaniyadan İstanbulun Tuzla rayonuna doğru hərəkətdə olan, Liberiya bayrağı altında üzən 182 metrlik “Baltic Star” kimyəvi tankerində Çanaqqala boğazının Nara burnu yaxınlığında mühərrik nasazlığı baş verib.

Denizxeber.az bildirir ki, hadisə zamanı hərəkət qabiliyyətini itirən tanker Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin (KEGM) əməkdaşlarının müdaxiləsi ilə nəzarətə götürülüb. Yedək gəmiləri və pilotun müşayiəti ilə təhlükəsiz şəkildə yedəyə alınan gəmi Karanlıq Liman lövbər sahəsinə aparılaraq burada lövbərlənib.

İspaniyadan İstanbulun Tuzla rayonuna səfər edən “Baltic Star” Nara burnu qarşısında hələlik müəyyən edilməyən səbəbdən mühərrik nasazlığı ilə üzləşib.

Gəminin hərəkət imkanını itirməsindən sonra kapitan vəziyyət barədə dərhal radio vasitəsilə Çanaqqala boğazı Gəmi Trafik Xidmətləri Mərkəzinə məlumat verib.

Məlumatın daxil olmasından sonra KEGM əraziyə pilotla yanaşı “Kurtarma-13” və “Kurtarma-17” yedək gəmilərini göndərib. Gəmiçilik və insan həyatının təhlükəsizliyini təmin etmək məqsədilə boğazdan keçən digər gəmilər hadisə barədə məlumatlandırılıb və ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib.

Əraziyə çatan ekipajların koordinasiyalı fəaliyyəti nəticəsində “Baltic Star” tankeri “Kurtarma-17” yedək gəmisi tərəfindən yedəyə alınıb.

Pilot və “Kurtarma-13” yedək gəmisinin müşayiəti ilə boğazın hərəkətinə maneə yaradılmadan tanker Karanlıq Liman lövbər sahəsinə aparılıb və burada təhlükəsiz şəkildə lövbərlənib.