“NBC News” telekanalının sentyabrın 27-də ABŞ-nin üç rəsmisinə istinadən yaydığı məlumata görə, iki həftə əvvəl Hörmüz boğazında İranın gəmi əleyhinə qanadlı raketi ABŞ dəniz piyadalarının xidmət etdiyi gəmiyə dəyib. Hadisə nəticəsində səkkiz nəfər xəsarət alıb.
Denizxeber.az bildirir ki, məlumatda dəniz piyadalarının ciddi xəsarət almadığı, lakin tüstüdən zəhərləndiyi bildirilir. Onlarda mümkün travmatik beyin zədələnməsinin əlamətləri də müşahidə olunub.
Xəsarət alanlardan yeddisinin sıravi heyət üzvü, birinin isə zabit olduğu qeyd edilir. ABŞ rəsmilərinin sözlərinə görə, onların hamısı hücumdan qısa müddət sonra xidmətə qayıdıb.
Dəniz piyadaları bildiriblər ki, İran raketi gəmiyə dəyən zaman onlar batalyonun desant qrupunun tərkibində fəaliyyət göstəriblər.
Rəsmilər gəminin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus olmadığını bildiriblər. Bununla belə, onlar gəminin növünü açıqlamayıb və yalnız “dəniz gəmisi” ifadəsindən istifadə ediblər.
Ötən həftənin çərşənbə günü açıqlanan məlumata görə, Pentaqonun Hərbi İtkilərin Təhlili Sistemi (DCAS) İranla münaqişə zamanı ümumilikdə 861 ABŞ hərbçisinin yaralandığını qeydə alıb.
Sözügedən səkkiz dəniz piyadası DCAS məlumat bazasına sentyabrın 14-də baş verən hücumdan təxminən 10 gün sonra əlavə edilib. ABŞ rəsmisi məlumatların sistemə daxil edilməsindəki gecikməni sonradan ortaya çıxa bilən simptomlar və sistemin real vaxt rejimində yenilənməməsi ilə izah edib.





