Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

48

Cənubda və şimalda baş verən hərbi münaqişələr qlobal neft təchizatına təsirsiz ötüşmür. İran-ABŞ qarşıdurması fonunda Hörmüz boğazının bağlanması, Rusiya-Ukrayna müharibəsi isə Qara dəniz vasitəsilə neft nəqlində problemlər yaradır.

Denizxeber.az bildirir ki, Qazaxıstanda fəaliyyət göstərən bir sıra iri neft şirkətləri Rusiya ərazisindən keçən Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) vasitəsilə neft ixracının təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə edir və alternativ marşrut kimi neftin Xəzər dənizi vasitəsilə Azərbaycana, oradan isə dünya bazarlarına çıxarılmasını nəzərdən keçirirlər.

Türkiyədə nəşr olunan “Türkiye Today” qəzeti yazır ki, Rusiya dronları Qara dənizdə üzən neft tankerlərinə raket zərbələri endirir. “Chevron”, “ExxonMobil”, “Eni”, “Shell” və “TotalEnergies” kimi şirkətlər Qazaxıstan neftinin dünya bazarlarına Azərbaycan üzərindən çatdırılması üçün iki variantı nəzərdən keçirirlər.

Variantlardan biri Xəzər dənizinin dibi ilə boru kəmərinin çəkilməsi, digəri isə neftin tankerlərlə Bakı limanına daşınaraq buradan dünya bazarlarına çıxarılmasıdır.

Hazırda Qazaxıstanda hasil olunan neftin təxminən 80 faizi XBKK vasitəsilə dünya bazarlarına çıxarılır. “Chevron” şirkətinin Qazaxıstanın neft sənayesinə 48 milyard dollar sərmayə yatırmasından sonra alternativ nəql marşrutlarının axtarışına başladığı bildirilir.

Qeyd edək ki, Qazaxıstan hazırda Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ildə təxminən 1,3 milyon ton neft ixrac edir. Bu həcmin 1,8 milyon tona çatdırılması istiqamətində işlər aparılır. Lakin Qazaxıstanın XBKK vasitəsilə ildə təxminən 60 milyon ton neft ixrac etdiyini nəzərə alsaq, bu göstərici Rusiya ərazisindən keçən əsas marşrutla müqayisədə hələ də məhdud alternativ olaraq qalır.

Azərbaycanın da marağında olduğu Trans-Xəzər boru kəmərinin tikintisi 2000-ci ildən etibarən ciddi şəkildə müzakirə olunur. Lakin geosiyasi risklər layihənin reallaşdırılmasına mane olub.

Son illərdə Yaxın Şərqdəki münaqişələr fonunda Hörmüz boğazında yaranan problemlər, həmçinin Rusiya-Ukrayna müharibəsi səbəbindən Qara dəniz vasitəsilə neft daşımalarının təhlükəsizliyi ilə bağlı risklərin artması Trans-Xəzər boru kəməri layihəsini yenidən gündəmə gətirib.

Məsələnin Vaşinqtonda da müzakirə edildiyi bildirilir. Qazaxıstanda fəaliyyət göstərən neft şirkətləri iri həcmli investisiyaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə alternativ nəqli marşrutlarının inkişafı istiqamətində iş aparırlar.

Trans-Xəzər boru kəmərinin inşa ediləcəyi təqdirdə ondan yalnız Qazaxıstanın deyil, Özbəkistanın da istifadə edə biləcəyi bildirilir. Layihənin reallaşması Azərbaycanın tranzit imkanlarının genişlənməsinə və bu sahədən əldə olunan gəlirlərin artmasına şərait yarada bilər.