Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə 2025-ci ilin iyulunda imzalanmış “one in, one out” (“bir girən, bir çıxan”) pilot sazişinin icrasını oktyabrın 1-dən dayandıracaq.
Denizxeber.az bildirir ki, Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Londonla sazişdən çıxış şərtləri müzakirə olunur. Paris hesab edir ki, bir ildən artıq müddətdə qüvvədə olan mexanizm gözlənilən nəticəni verməyib.
Sazişə əsasən, La-Manş boğazını kiçik qayıqlarla keçərək Böyük Britaniyaya çatan miqrantların bir hissəsi Fransaya geri qaytarılır, bunun müqabilində isə Böyük Britaniya Fransada olan müəyyən sayda sığınacaq axtaran şəxsi qanuni yollarla qəbul edirdi.
Buna baxmayaraq, 2025-ci ildə təxminən 50 min nəfər La-Manşı kiçik qayıqlarla keçməyə cəhd edib. 2026-cı ilin ilk yeddi ayında isə bu göstərici 17 minə yaxın olub. Saziş çərçivəsində Böyük Britaniyadan Fransaya geri qaytarılanların sayı isə cəmi 1400 nəfər təşkil edib.
Proqramın maliyyə yükü də yüksək olub. Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmudun sözlərinə görə, hər bir şəxsin Fransaya geri qaytarılması orta hesabla 56 min funt sterlinqə, yaxud təxminən 65 min avroya başa gəlib.





