Azərbaycan və Qazaxıstanı Xəzər dənizinin dibi ilə birləşdirən Trans-Xəzər fiber-optik rabitə xəttinin 2026-cı ilin sonunadək istismara verilməsi nəzərdə tutulur.
Denizxeber.az bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstanı (CAMCA) birləşdirən regional liderlərin illik görüşündə – CAMCA Regional Forumunda deyib.
Nazirin sözlərinə görə, yeni fiber-optik xətt Avropa ilə Asiya arasında yüksək ötürücülük qabiliyyətinə malik yeni əlaqənin yaradılmasına imkan verəcək.
M.Cabbarov qeyd edib ki, Azərbaycan artıq uzun illərdir regional arxitekturanın bir hissəsidir. Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulması ilə regional əməkdaşlığın siyasi ölçüsü də dərinləşib.
Nazir bildirib ki, Azərbaycan 2025-ci ilin noyabrında Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakçı olub və Mərkəzi Asiyadan kənardan bu formata qoşulan ilk ölkə kimi çıxış edib.
M.Cabbarov əlavə edib ki, bir neçə gün əvvəl Mərkəzi Asiya ölkələri və Azərbaycanın ticarət və investisiya nazirlərinin ilk görüşü də bu formatda keçirilib.
“Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaq və “Made in Central Asia” brendi altında birgə məhsul istehsalını təşkil etməkdir”, – deyə nazir vurğulayıb.





