Bu gün Vətən müharibəsi zamanı Gəncə şəhərinə ermənilərin ikinci raket hücumundan altı il keçir.
Denizxeber.az xatırladır ki, 2020-ci il oktyabrın 5-də Gəncənin raket atəşinə tutulması barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Saat 21 radələrində Ermənistan ərazisindən atılan raketin Gəncədə “Grand Qafqaz” Ticarət Kompleksinin yaxınlığına düşməsi nəticəsində partlayışın təsirindən bina tamamilə yararsız vəziyyətə düşüb.
Həmin gün Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib ki, 5 oktyabr 2020-ci il tarixində saat 21 radələrində Ermənistan silahlı qüvvələri ağır artilleriyadan atəş açaraq Gəncə şəhərinin müxtəlif ərazilərinə top mərmiləri atıb. Ordumuzun qətiyyətli tədbirləri nəticəsində Ermənistan silahlı birləşmələrinin hücum cəhdlərinin qarşısı alınıb.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri Gəncə şəhərinə ümumilikdə beş dəfə – 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya ilə hücum edib.
Həmin hücumlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, şəhərdəki mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.





