Miqrant böhranı

36

İngiltərənin cənub sahilində yerləşən Qosport şəhərində La-Manş boğazını kiçik qayıqlarla keçən miqrantların sahilə gətirilməsi zamanı etirazçılarla polis arasında qarşıdurma baş verib.

Denizxeber.az BBC-yə istinadən xəbər verir ki, təxminən 150 miqrasiya əleyhdarı miqrantların Kral Milli Xilasetmə Qayığı İnstitutunun (RNLI) əməkdaşları tərəfindən sahilə çıxarılmasının qarşısını almaq məqsədilə toplaşıb.

Səhər saatlarınadək davam edən etiraz aksiyası zamanı bəzi şəxslər məşəllər yandırıb, həmçinin polis əməkdaşları ilə qısamüddətli qarşıdurmalar yaşanıb.

Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, RNLI və Fransaya məxsus gəminin iştirakı ilə La-Manş boğazının mərkəzi hissəsində həyata keçirilən xilasetmə əməliyyatı zamanı 149 miqrant götürülüb. Daha sonra onlar avtobuslarla Kentdə yerləşən miqrasiya mərkəzinə aparılıb.

Qosportda keçirilən etiraz aksiyası əsasən sakit keçsə də, bəzi nümayişçilər polis avtomobillərinin qarşısında dayanaraq onların hərəkətinə mane olublar.

Hempşir polisi bildirib ki, dənizdə baş verə biləcək fövqəladə vəziyyətlər zamanı müvafiq qurumlara dəstək göstərmək məqsədilə əraziyə polis əməkdaşları cəlb olunub.