Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov ölkənin rəqəmsal haba çevrilməsi istiqamətində həyata keçirilən mühüm layihələri açıqlayıb.
Denizxeber.az bildirir ki, nazir müavini Asiya ilə Avropanı birləşdirən “Digital Silk Way” layihəsinin əsas halqası olan, Sumqayıt və Aktau arasında Xəzər dənizinin dibi ilə çəkilən 380 kilometrlik Transxəzər fiber-optik kabel xəttinin avqust ayında Qazaxıstan sahilinə çatdığını və 2026-cı ilin sonunadək istismara verilməsinin planlaşdırıldığını bildirib.
Strateji Təşəbbüslər və İnnovasiya Ekosistemi:
- Ələt AİZ-də Süni İntellekt Məlumat Mərkəzi: Ələt Azad İqtisadi Zonasında yalnız Azərbaycana deyil, geniş regiona xidmət edəcək Sİ məlumat mərkəzinin yaradılması üzrə beynəlxalq tərəfdaşlarla danışıqlar yekun mərhələdədir.
- İnsan Kapitalı və İkili Diplom Proqramı: Azərbaycan Texniki Universiteti və Münhen Texniki Universiteti ilə birgə yaradılan “ASCON Mühəndislik və Texnologiya Məktəbi”ndə alman təhsil modeli (nəzəriyyə auditoriyada, praktika sənayedə) tətbiq edilir. Gələcəkdə bu proqramın ikili diplom proqramına çevrilməsi nəzərdə tutulur.
- 20 Yıllıq Vergi Güzəştləri (2027-ci ildən): Rəqəmsal texnologiyalar, Sİ və kibertəhlükəsizlik şirkətləri 2027-ci ilin yanvarından mənfəət və dividend vergisindən 20 ilədək azad ediləcək. Ölkəyə köçən yüksək ixtisaslı mütəxəssislər gəlir vergisindən azad olunacaq və xarici gəlirlərinə 20 illik vergi güzəşti tətbiq ediləcək.
- Qanunvericilik İslahatları: Vençur kapitalı, kraudfandinq, vergi və miqrasiya sahələrində yeni qanunvericilik paketi qəbul edilib.
“Coğrafiya bizə bu marşrutu bəxş edib. Orta Dəhliz yüklərinizi, Rəqəmsal Dəhliz isə məlumatlarınızı daşıyacaq”, – deyə R.Həsənov vurğulayıb.





