Dəniz dibi ilə təbii qaz kəmərinin çəkilişi üzrə işlər sürətlənib

32

Türkiyə Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) dəniz vasitəsilə təbii qaz kəməri çəkmək məqsədilə texniki və seysmik tədqiqat səylərini artırıb.

Denizxeber.az bildirir ki, Türkiyənin “Oruç Rəis” seysmik tədqiqat gəmisi 101 kilometrlik boru kəmərinin dəniz dibi təhlilini həyata keçirmək üçün Girnə limanı sahillərinə gəlib. Layihə üzrə boru kəməri ümumilikdə iki qoldan ibarət olacaq: 4 kilometrlik hissə quruda, 97 kilometrlik hissə isə dəniz dibi boyunca uzanacaq.

“Oruç Rəis” gəmisi dəniz dibinin dəqiq xəritələşdirilməsi ilə yanaşı, Kipr ətrafındakı dəniz sektorunda karbohidrogen yataqlarının mövcudluğu ehtimalını da təhlil edəcək. Layihə ŞKTC sakinlərini təbii qazla təmin etməklə bərabər, regionda kəşf edilə biləcək qaz potensialının Avropa bazarlarına ixracını da hədəfləyir. Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, kəmərin bir qolu ŞKTC-dən “gələcək təchizat” üçün nəzərdə tutulub.

Texniki tədqiqatların bir il ərzində tamamlanması, boru kəmərinin tikintisinin isə 2028-ci ilədək yekunlaşdırılması planlaşdırılır. Qeyd edək ki, 2015-ci ildə Türkiyə Ada sakinlərini içməli su ilə təmin etmək üçün ŞKTC-yə analoji dənizaltı su boru kəməri çəkmişdi.