ABŞ hökuməti Tehranın irəli sürdüyü yeddi şərti tam qəbul etməyənədək Hörmüz boğazı naviqasiya üçün açılmayacaq.
Denizxeber.az bildirir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi “Press TV” telekanalına müsahibəsində bildirib.
Möhsün Rzayi bildirib ki, Vaşinqton İraq, Pakistan və Qətər vasitəsilə Tehranla əlaqə qurmağa cəhd edib. Onun sözlərinə görə, ABŞ İranın təqdim etdiyi şərtlərin bəzilərini qəbul etsə də, digər məsələlərə münasibəti qeyri-müəyyən qalıb və İran tərəfi bu cavabı kifayətsiz hesab edir. O, həmçinin vurğulayıb ki, İran ABŞ ilə danışıqlar masasına əyləşdiyi hər dəfə hücuma məruz qalıb və Tehran bunu Vaşinqtonun açıq xəyanəti kimi dəyərləndirir.
Rzayi İranın Hörmüz boğazına nəzarəti saxlayacağını və bundan iqtisadi fayda əldə edəcəyini qeyd edərək, boğaza nəzarət olunmayacağı təqdirdə bütün Fars körfəzinin təhlükəsizliyinin təhdid altında qalacağını bəyan edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrandakı obyektlərə zərbələr endirməyə başlayıb, İran tərəfi isə buna cavab həmlələri həyata keçirib. İyunun ortalarında hərbi əməliyyatların dayandırılması barədə memorandum imzalansa da, tərəflər arasında qarşılıqlı zərbələr yenidən bərpa olunub və münaqişə həll olunmamış qalır.





