Rumıniya AES-in təhlükəsizliyi üçün Dunay çayına su buraxılışını artırır

25

Rumıniya hakimiyyəti Dunay çayında suyun səviyyəsini yüksəltmək məqsədilə ölkənin cənubundakı bir neçə su anbarından su buraxılışının artırılması barədə qərar qəbul edib.

Denizxeber.az bildirir ki, bu barədə “Antena 3” telekanalı məlumat yayıb.

Çayda suyun səviyyəsinin kəskin azalması Çernavoda şəhərində yerləşən atom elektrik stansiyasının (AES) soyutma sistemində ciddi problemlər yarada bilər. Şənbə günü Dunayda su səviyyəsi şərti sıfır göstəricisindən 259 santimetr aşağı düşərək stansiyanın soyudulması üçün kritik həddə cəmi 3 santimetr məsafədə qalıb. Çayın səviyyəsini tənzimləmək üçün oktyabrın 10-dan 18-dək İzbiçen, Mixayleşti və Yezerul su anbarlarından istifadə olunacaq və Milli Su Ehtiyatları Administrasiyası (ANAR) tərəfindən prosesə nəzarət ediləcək.